Sənədsiz evlərlə bağlı hökumətdən sərt qərar - RTV

Sənədsiz və qanunsuz tikilən evlərə kommunal xidmətlərin göstərilməsi qadağan edilib. RTV-nin xəbərinə görə, bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov reportola müsahibəsində məlumat verib.

Zaur Mikayılov bildirib ki, 2024-cü ildə Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə qanunsuz və sənədsiz evlərə su, qaz və elektrik xətlərinin çəkilməsi qadağan edilib. Həmçinin, bu qaydanın pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur.

Agentlik sədri qeyd edib ki, bu qərar yalnız su təchizatı ilə bağlı deyil, ümumilikdə bütün kommunal xidmətləri əhatə edir. O, bu qərarın nəticələri barədə danışarkən deyib:

"Təbii ki, bu müəyyən mənada stimullaşdırıcı amillərin azalmasına səbəb olacaq. İnsanlar düşünəcəklər ki, əgər ev sənədsizdirsə, ora nə su, nə qaz, nə də elektrik veriləcək. Bu da qərarlarına təsir göstərə bilər."

Zaur Mikayılov əlavə edib ki, digər dövlət qurumları da bu prosesdə aktiv iştirak etməlidir.