"Sürücülük hüququndan məhrum edilmə 40-50 bala qaldırılsın"- Deputatdan təklif - RTV

Milli Məclisin deputatı Naqif Həmzəyev sürücülük hüququndan məhrum etmə ilə bağlı mövcud cərimə balı sisteminin yenidən müzakirəyə çıxarılmasını təklif edib.

Naqif Həmzəyev bildirib ki, peşəkar sürücülər yollarda çox vaxt keçirdikləri üçün tez-tez texniki qayda pozuntularına yol verirlər. Bu səbəbdən, deputatın təklifinə əsasən, belə sürücülər bir vaxtda 40-50 cərimə balı həddinə çatırlar.

Deputatın sözlərinə görə, sürücülük hüququndan məhrum edilən şəxslər gəlir əldə etmək imkanını itirirlər. Bu isə onların ailə büdcəsinə ciddi təsir göstərir.

Naqif Həmzəyev qeyd edib ki, bəzi hallarda işəgötürənlər sürücülük hüququnu itirən əməkdaşlarını işdən çıxarmağa məcbur olurlar.

Deputatın fikrincə, ilk dəfə törədilən yüngül texniki qayda pozuntuları zamanı yalnız cərimə tətbiq olunması daha məqsədəuyğundur. O, sürücülük hüququndan məhrum etmə ilə bağlı cərimə balı həddinin 60-50-yə qaldırılmasını və ya cərimə balı sisteminin yalnız kobud qayda pozuntularına tətbiq edilməsini təklif edib.