Tacikistan prezidenti Emoməli Rəhmon azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb. RTV-nin yaydığı məlumata görə, təbrikdə deyilir:
Hörmətli İlham Heydəroğlu, sizi nüfuzlu Zayed İnsan Qardaşlığı mükafatına layiq görülməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu təşəbbüs konstruktiv siyasətin və dözümlülüyün təşviqi yolu ilə davamlı sülhə və sabitliyə nail olmaq üçün ardıcıl səylərinizi, güclü iradənizin tanınmasının daha bir təsdiqidir. Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh sazişinin imzalanmasını iki dövlət arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi, həmçinin Qafqaz regionunda və onun hüdudlarından kənarda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi prosesinə mühüm amil hesab edirik. Tacikistan sülhsevər ölkə olaraq bu önəmli, konstruktiv və tarixi nailiyyəti bir daha alqışlayır və bütün mübahisələrin, münaqişələrin yalnız siyasi-diplomatik üsullarla həllinə sadiqliyini vurğulayır. Hörmətli İlham Heydəroğlu, fürsətdən istifadə edərək sizə möhkəm can sağlığı və uğurlar, dost Azərbaycan xalqına isə yeni nailiyyətlər, davamlı sülh və bundan sonra da tərəqqi arzulayıram.