Ankara şəhərində minlərlə müəllim təhsil müəssisələrinə qarşı baş vermiş iki silahlı hücumdan sonra tətil elan edərək etiraz aksiyası keçirib. Aprelin 15-i axşam saatlarında baş tutan mitinqdə müəllimlər Təhsil Nazirliyindən günahkarların məsuliyyətə cəlb olunmasını və Təhsil naziri Yusuf Tekinin istefasını tələb ediblər.
Qeyd edək ki, aprelin 14-də Şanlıurfa vilayətində bir məktəbə silahlı hücum olub. Nəticədə təxminən 20 nəfər yaralanıb. Hücum edən şəxs hadisədən sonra intihar edib.
Aprelin 15-də isə silahlı insident Kahramanmaraş şəhərindəki məktəblərdən birində baş verib. Nəticədə doqquz nəfər həlak olub, daha 13 nəfər yaralanıb. Hücum edən şəxs səkkizinci sinif şagirdi olub və o da hücumdan sonra intihar edib.