Xocalı faciəsindən 34 il ötür -RTV

Bu gün, fevralın 26-sı Xocalı soyqırımının 34-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən faciə Azərbaycan tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunub.

Hadisə nəticəsində yüzlərlə günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar vəhşicəsinə qətlə yetirilib, minlərlə sakin yaralanıb, əsir və girov götürülüb. Xocalı faciəsi bütün bəşəriyyətin yaddaşında qalmalı olan ağır bir insanlıq cinayətidir.

Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycan ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlar azadlığa qovuşdu. Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımız Xocalı qatillərini məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar.

1992-ci il fevralın 26-da Xocalıda soyqırıma məruz qalan soydaşlarımız Azərbaycanın ərazi bütövlüyü, xalqımızın milli azadlıq uğrunda apardığı haqq mübarizəsinin şəhidləridir. Onların əziz xatirəsi ehtiramla yad edilir.