Rusiya son 24 saat ərzində yüzlərlə dron və raketlə Ukraynaya hücum edib. Hücumlar zamanı 26 obyektə zərbələr endirilib. Nəticədə bir neçə şəhərdə ölən və yaralananlar var. Ən böyük ziyan isə Kiyev, Dnepr və Odessa şəhərlərinə vurulub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ölkə ərazisində 703 hava hədəfi qeydə alınıb. Onlardan 667-si məhv edilib.
Kiyevdə bir uşaq da daxil olmaqla dörd nəfər ölüb, 58 nəfər yaralanıb. Onlarla yaşayış binası və mülki obyektə ziyan dəyib. Ən böyük dağıntılar Podolsk və Obolon rayonlarında baş verib.
Dnepr və Dnepropetrovsk bölgəsində isə üç nəfər ölüb, 34 nəfər yaralanıb. Onların bəzilərinin vəziyyəti ağırdır.
Odessada azı səkkiz nəfər ölüb, 16 nəfər yaralanıb. Mənzillərə və infrastruktura ciddi ziyan dəyib. Yanğınlar baş verib və evlər dağılıb.
Xarkovda isə iki nəfər yaralanıb. Burada bir neçə məhəlləyə, evlərə, avtomobillərə və qaz xətlərinə ziyan dəyib.