Hazırda Bakı və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova dumanın əmələ gəlmə səbəbi və nə vaxtadək davam edəcəyi barədə RTV-yə açıqlama verib.
Gülşad Məmmədova bildirib ki, fevralın 16-sı səhər saatlarına olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur. Dumanda görünüş məsafəsi 55 metrədək məhdudlaşır.
Məmmədova dumanın əmələ gəlmə səbəbini gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə havanın temperaturunun aşağı enməsi ilə əlaqələndirib. O qeyd edib ki, dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.