İrandan Azərbaycana 11 kiloqramdan çox narkotik gətirməkdə şübhəli bilinən yük maşınının sürücüsü saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində, narkotiklərin qeyd edilən cinayət əməlində şübhəli bilinən ölkələrarası yük daşıma fəaliyyəti ilə məşğul olan 47 yaşlı Emin Əhmədov saxlanılıb.
Onun idarə etdiyi iri tonnajlı yük maşınından 8 kiloqram heroin və 3 kiloqramdan çox psixotrop maddə, metamfetamin aşkar edilib.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, Emin Əhmədov aşkar olunmuş narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib.
Saxlanılan şəxsin daxil olduğu narkotik şəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.