Prokuror onların 10 il həbsini tələb edir - RTV

Auditörlər Palatasının mənimsəmədə ittiham olunan əməkdaşlarının iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. Bu iş üzrə Auditörlər Palatasının Maliyyə və Texniki Təminat İdarəsinin sabiq rəisi, Baş mühasib Vəli Rəhimov, Maliyyə Təminatı və Xarici Əlaqələr İdarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər mühasibi Fəridə Novruzova mühakimə edilir.

Prokuror onların üçünün də xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinməsini və hər birinə 10 il həbs cəzası verilməsini tələb edib. Tələbə əsasən, bu günə kimi azadlıqda olan müttəhəmlər məhkəmə zalında həbs olunmalıdırlar.

Təqsirləndirilən eks-vəzifəlilərə son sözə və vəkillərinin müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib. Qeyd edək ki, həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 700 min manat mənimsəmədə ittiham olunurlar.