Sosial şəbəkə platformalarında təhlükəsizliyin gücləndirilməsi üçün yeni cərimələr müəyyənləşdirilir.
Bu məsələ ilə bağlı Milli Məclisin iclasında inzibati xətalar məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul olunub.
Bildirilib ki, dəyişikliklər yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı yeni tələbləri və məsuliyyətləri nəzərdə tutur.
Qanun layihəsinə əsasən, tələb olunan məlumatların dövlət qurumlarına təqdim edilməməsi, sorğuların vaxtında cavablandırılmaması və ya natamam məlumat verilməsi halları inzibati xəta sayılacaq.
Vəzifəli şəxslər 6 min manatdan 10 min manatadək, hüquqi şəxslər isə 50 min manatadək məbləğdə cərimə olunacaqlar.
Təkrar pozuntulara görə daha sərt sanksiyalar nəzərdə tutulur. İnzibati tənbeh tətbiq edildikdən sonra bir il ərzində eyni xətanı törədən vəzifəli şəxslər 10 min manaddək, hüquqi şəxslər isə 50 min manatadək məbləğdə cərimə ilə üzləşəcəklər.
Dəyişikliklərin əsas məqsədi azyaşlıların rəqəmsal mühitdə təhlükəsizliyini gücləndirmək və onların şəxsi məlumatlarının etibarlı qorunmasını təmin etməkdir.