"Anam qaçmaq istəyəndə vurub öldürdü" - Faciəvi qətlin təfərrüatı - RTV

Ağdaş rayonunun Aşağı Qobu üstü kəndi ərazisində qətl hadisəsi baş verib. Hadisə zamanı 37 yaşlı Rahib Əbilov ailə münaqişəsi zəminində 70 yaşlı anası Anaxanım Əbilovanı amansızlıqla qətlə yetirib.

Hadisə yerinə Ağdaş Rayon Polis Şöbəsinin hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Qadının meyiti ərazidən götürülərək adiyyatı üzrə təhvil verilib.

Qətlə yetirilən Anaxanım Əbilovanın oğlu Mehman Əbilov hadisə barədə danışıb:

"Səhər-səhər biz yuxudan durub Bakıda yaşayan qardaşımı yola salırdım. Onda zəng gəldi ki, dur özün bura çatdır. Heç bilmədim nəyə görə deyirlər. Durdum mən də heç qardaşımı da qoymadım getməyə. Getdim ki, anam yolun ortasında idi."

Mehman Əbilov hadisənin təfərrüatları haqqında əlavə məlumat verərək bildirib:

"Belə məlum oldu ki, axşamdan dava olub. Elə sərxoş vəziyyətdə də amansızlıqla vurub öldürüb. Özündə olmayıb, belə deyək. Anam qaçıb, yola qaçıb, hara edib, indi hamı yuxuda olub, necə olub eşidən olmayıb."

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb. Hazırda faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.