Baş Prokurorluq Xətai rayonunda beş nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədov haqqında yayılan məlumatlara dair açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, sosial şəbəkələrdə Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Baş Prokurorluq vurğulayıb:
"Cəmiyyətdə süni ajiotaj yaratmağa, ictimai rəyi bilərəkdən çaşdırmağa xidmət edən bu cür uydurma məlumatları qəti şəkildə pisləyir və təkzib edirik."
Baş Prokurorluqdan bildirilib ki, Əhməd Əhmədovun stasionar müalicəsi həkimlərin ciddi nəzarəti altında hazırda müvafiq psixiatriya xəstəxanasında davam etdirilir.
Qurum əlavə edib:
"Onun xəstəxanadan buraxılması tamamilə cəfəngiyyatdır."
Xatırladaq ki, ictimaiyyətdə süni təşviş yaradan bu cür yalan informasiyaların yayılması birbaşa hüquqi məsuliyyətə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, vətəndaşlardan aidiyyəti dövlət qurumları ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların paylaşılmasından çəkinmələri bir daha xahiş edilib.