Gəncədə külək ağır fəsadlar törətdi - RTV

Gəncədə güclü külək ağır fəsadlar törədib. Gecə saatlarından qəfil əsməyə başlayan külək şəhərin Heydər Əliyev prospektində, Mirzə Abbas Abbaszadə küçəsində, Totanlı dairəsində, üçüncü, dördüncü mikrorayonlar arası və şəhərin digər ərazilərində iri gövdəli ağacları aşırıb. Həmçinin şəhərin Füzuli və Nəriman Nərimanov parklarında ağaclar qırılıb. Parkların birinin yaxınlığında küləyin qırdığı ağac avtomobilin üzərinə aşıb.

Bundan başqa, iri gövdəli ağaclardan biri Totanlı dairəsi adlanan ərazidə şəhər sakini Bahar Niyazovaya məxsus meyvə-tərəvəz mağazasının üzərinə düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Mağaza sahibi Bahar Niyazova bildirib:

"Heç nə, burda bu çinar ağacları, köhnənin çinar ağaclarıdır ay bala. Onu da vaxtında budamır. Bu aidiyyatı qurumlardan xahiş də eləyərdik, bunu budasınlar və nəzarət eləsinlər. Burda üç dənə bu soku keçir. Ağacın düz içindən. Onlar budanmalıdır ki, o da bir-birinə dəyib iskra verib alovlandırıbdır."

Şəhər sakinlərindən biri isə deyib:

"Kəsilib düşüb potkanın üstünə ağac. Külək, bəli, külək əsdi, orda da bu sokular, yəni üç dənə xətt gedir, gəlib baxa bilərlər. Bir-birlərinə dəydi, ağaca od düşdü. Ağaca od düşəndən sonra ağac da yandı, yarısı kəsildi, düşdü potkanın üstünə. Biz də burda durmuşduq. Yaxşı ki, üstümüzə düşməyib, başımıza düşməyib. Xahiş eləyirəm bu aidiyyatı qurumlardan gəlsinlər buna tədbir görsünlər. Vaxtında ağaclar budansın."

Güclü külək nəticəsində bir sıra ərazilərdə isə ağacların iri budaqları sınaraq yolun hərəkət hissəsinə düşüb. Bu isə avtomobillərin hərəkətinə mane olub. Şəhərin bəzi ərazilərində ağacların budaqları sınaraq elektrik naqillərini və şəhərin işıqlandırma sistemini zədələyib. Hazırda şəhərin bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Güclü külək şəhərin Məhsəti qəsəbəsində yaşayış evinin hasarını uçurub. Nəticədə qaz xətti sıradan çıxıb. 200-ə yaxın sakinə təbii qazın verilişi dayanıb. Bununla yanaşı şəhərin bəzi ərazilərində qaz boruları da zədələnib.

Sakinlərdən biri bildirib:

"Gördüyünüz hasar təbii fəlakət nəticəsində, külək nəticəsində aşdı və əsas ciddi zərər görən qaz xəttidir ki, bugünkü günü 200-dən çox ailə hal-hazırda qazsız qalıbdır. Biz də Azəriqaz Açıq Səhmdar Cəmiyyətinin 104 qaynar xətti qaz xidməti ilə əlaqə saxladıq. Yaxınlaşdı əməkdaşlar və şəkillərini çəkdi, götürdü və biz vətəndaşlara bildirdik ki, gördüyünüz hal-hazırda kubiklər götürülməlidir ki, qaz borusunun üstü açılsın və 200-dən çox ailə qazla təmin olunsun. İki saata yaxındır demək olar ki, hal-hazırda 200-ə yaxın ailə qazsızdır və biz gözləyirik ki, inşallah bu gün qazla yəqin ki, bərpa olunar."

Ərazilərə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin yaşıllaşdırma təsərrüfatının texnikaları və əməkdaşları cəlb olunublar. Yaşıllaşdırma təsərrüfatının canlı qüvvəsi və texnikalarının köməyi ilə küləyin fəsadlarının aradan qaldırılmasına başlanıb. Qırılan iri gövdəli ağaclar yolun hərəkət hissəsindən kəsilərək yığışdırılıb. Yollara tökülən ağac budaqları Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən təmizlənib.

MƏQALƏ: Gəncədə güclü külək nəticəsində ağaclar aşıb, elektrik xətləri zədələnib, qaz xətləri sıradan çıxıb və yaşayış evlərinin hasarları uçub.