Lənkəranda zəncirvari qəza baş verib, nəticədə yeddi nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə Lənkəran-Boradigah-Masallı magistralının Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəran rayonunun Separadi kənd sakini, 30 yaşlı Elmar Cəfərli idarə etdiyi "Renault" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, Lənkəran rayonunun Vilvan kənd sakini, 24 yaşlı Şərif Hüseynzadənin idarə etdiyi "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub. "Toyota Prius" isə digər "Toyota" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Zəncirvari qəza nəticəsində hər iki sürücü – Elmar Cəfərli və Şərif Hüseynzadə, eləcə də Lənkəran rayonunun Separadi kənd sakinləri 49 yaşlı Fuad Şərifov, 31 yaşlı Ağadaş Ağazadə, 48 yaşlı Ramil Məmmədov, həmçinin Lənkəran rayonunun Vilvan kənd sakinləri 27 yaşlı Elşad Musazadə və 27 yaşlı Ramil Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə hospitalizasiya olunublar.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti daha ağır olan Ramil Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.