Aliment və borc işləri üzrə vəsaitləri mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğundan verilən məlumata görə, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyinə daxil olmuş materiallar və ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, Elxan Abbasov və Səbuhi Hüseynov 2021-2025-ci illər ərzində borc və aliment tələbi, habelə digər xüsusatlarla bağlı şöbəyə daxil olmuş icra işləri üzrə ayrı-ayrı şəxslərdən aldıqları külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçiriblər. Onlar həmçinin vəzifə saxtakarlığı törətməkdə şübhəli bilinirlər.
Toplanmış sübutlar əsasında hər iki şəxsə qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə saxtakarlığı maddələri ilə ittiham elan edilib. Səbuhi Hüseynov barəsində polisin nəzarəti altına vermə, Elxan Abbasov barəsində isə polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qəti imkan tədbirləri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın böyük hissəsinin ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.