Şəmkirdə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Qasımlılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədovun idarə etdiyi Vaz 2106 ilə Qazax rayon sakini, 1976-cı il təvəllüdlü Kamil Mustafayevin idarə etdiyi Mitsubishi L200 markalı avtomobillər toqquşub. Nəticədə beş nəfər xəsarət alaraq Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Həkimlərin tibbi yardımlarına baxmayaraq xəstəxanada yaralılardan biri, Vaz 2106-nın sürücüsü, Gədəbəy rayon sakini, 73 yaşlı Fəxrəddin Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alan dörd nəfərin müalicəsi isə Şəmkir rayon mərkəzi xəstəxanasında davam etdirilir.
Şəmkir rayon mərkəzi xəstəxanasının əməkdaşı bildirib:
24 fevral 2026-cı il tarixində saat 17:10 radələrində Şəmkir rayon ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan beş nəfər – ikisi kişi, üçü qadın olmaqla Şəmkir rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Onlara bədənin müxtəlif nahiyəsinin çoxsaylı travması diaqnozu qoyulubdur. Pasientlərə ilkin tibbi yardım, zəruri instrumental müayinələrdən keçiriliblər. Hazırda cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir. Aparılan reanimasion tədbirlərə baxmayaraq 1953-cü il təvəllüdlü kişi cinsli xəstədə bioloji ölüm baş verib.
Mini maşınlarının toqquşması zamanı xəsarət alanlar Gədəbəy rayon sakinləri – 2006-cı il təvəllüdlü Kənan Səlimov, 1988-ci il təvəllüdlü Aytəkin Vəliyeva, 1963-cü il təvəllüdlü Natella Səlimova və Şəmkir rayon sakini, 1959-cu il təvəllüdlü Təranə Qocayevadır.
İlkin ehtimallara görə qəzaya səbəb Vaz 2106-nın sürücüsünün ötmə qadağan olunmuş yolda ötmə əməliyyatı etməsi olub. Hazırda faktla bağlı Şəmkir rayon polis şöbəsində cinayət işi açılıb.