Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatlarına əsasən, bütün dövlət ümumi təhsil müəssisələrində "Son zəng" tədbiri iyunun 13-də keçiriləcək.
Bu barədə məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, "Son zəng" tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib.
Təlimatda qeyd olunur ki, tədbirin təşkil ediləcəyi yerlərdə məktəbin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman zalında və ya akt zalında təşkil olunmalıdır. Tədbir saat 8:00-9:00-dək başlanmalı və ən geci 10:00-da bitməlidir.
Şagirdlər tədbirdə məktəbli forması mütləqdir. Məzunların xarici görünüşü təhsil müəssisəsinin intizam qaydalarına uyğun və səliqəli olmalıdır.
Bayram musiqilərinin səsləndirilməsinə yol verilməməlidir. Tədbir üçün milli mənəvi dəyərlərə uyğun hazırlanmış rəsmi və bədii hissədən ibarət senari olmalıdır.
Tədbirin açılışı dövlət himni ilə başlanmalı, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməlidir.
Tədbirdə təşkilat və ya idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır.
Tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır.