1 sentyabr 2026-cı il tarixindən etibarən Azərbaycanda su obyektlərindən istifadəyə görə ödəniş tətbiq olunacaq. Bu qərar Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli qərarı ilə təsdiqlənib.
Yeni qaydalara əsasən, sənaye məqsədləri üçün Xəzər dənizindən götürülən hər 100 kub metr su üçün 40 qəpik ödəniləcək. Çay və göllərdən götürülən su üçün isə bu məbləğ 4 manat təşkil edəcək. Yer altı sularından istifadəyə görə isə hər 100 kub metr üçün 40 manat ödəniş nəzərdə tutulub.
Tullantı sularının Xəzər dənizinə axıdılması üçün hər 100 kub metrə 1 manat, çay və göllərə axıdılması üçün isə 4 manat ödəniş tələb olunacaq.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə etmək istəyən fiziki və hüquqi şəxslər əvvəlcə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edərək icazə almalı və müvafiq müqavilə bağlamalıdırlar. Bu qaydalar su ehtiyatlarının daha səmərəli idarə olunması və qorunması məqsədi daşıyır.