Parlamentdə bu peşə sahiblərinin maaş artımından danışıldı - RTV

Sertifikasiya imtahanlarının uğurla həyata keçirilməsi müsbət hal kimi dəyərləndirilib və bu təcrübədən digər sahələrdə də istifadə edilməsi təklif olunub. Lakin əmək haqqının nəticələrə uyğun proporsional artımı məsələsində müəyyən boşluqlar mövcuddur.

Bu barədə Milli Məclisin Sosial Qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Parlamentin Elm və Təhsil Komitəsində keçirilən "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmələrdə çıxışı zamanı bildirib. O qeyd edib ki, 31 bal toplayan müəllimlə 50 bal toplayan müəllim arasında əmək haqqı fərqinin cəmi 10% olması müəyyən mənada ədalət prinsipini tam təmin etmir.

Adil Vəliyev əlavə edib:

"Sertifikasiya prosesi başa çatdıqdan və müvafiq qanun qəbul edildikdən sonra yalnız incəsənət məktəblərində deyil, ümumilikdə ölkənin orta ümumi təhsil məktəblərində fəaliyyət göstərən müəllimlərlə bağlı da yeni yanaşmaların tətbiqi üçün presedent yaradılması məqsədəuyğun olardı."

Bu qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək və gələcəkdə Elm və Təhsil Nazirliyinin də bu məsələyə yenidən baxması üçün əsas yarada bilər.