Bakı Metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək. Aprelin 22-də günün əsas sərnişin axını saatlarında 28 May-Əhmədli sahəsində qatarlararası interval 2.5 dəqiqə təşkil edəcək. Bakmil istiqamətində isə şənbə günü qrafikindən istifadə olunacaq.
Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Bildirilib ki, ötən gün saat 12:10-da Ulduz-Nərimanov mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ şəkildə həmin mənzilin bütün elektrik qida mənbələri, o cümlədən dartı yarımstansiyasında müvafiq araşdırmalar aparılıb. Qısaqapanma nəticəsində tüstülənmə müşahidə edildiyi və bununla əlaqədar operativ şəkildə təxirəsalınmaz tənzimləmə tədbirlərinin icra olunduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, bu məqsədlə hərəkət sahəsinin əsas qida mənbəyi olan dartı elektrik yarımstansiyasında təhlükəsizliyin, habelə digər texniki dəstək tədbirlərinin gücləndirilməsi işləri aparılır. Həmçinin texniki insidentin detallı təhlillərinin davam etdirilməsi təmin olunacaq.