Bakı Metropoliteni WUF13 dövründə gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun təşkilinə uyğun olaraq, metroda hərəkət qrafikinə zəruri düzəlişlər ediləcək. Pik saatlarda isə intervallar minimuma endiriləcək.
Qurumdan qeyd olunub ki, sərnişin axınının tənzimlənməsi məqsədilə bəzi stansiyalara əlavə işçi qüvvəsi və könüllülər cəlb ediləcək. Eyni zamanda, xəttə buraxılmağa hazır ehtiyat qatarlar saxlanılacaq.
Həmçinin, forum müddətində əməliyyat şirkəti aidiyyəti qurumlarla mərkəzləşdirilmiş platforma üzərindən koordinasiyalı fəaliyyət həyata keçiriləcək. Məlumatda o da vurğulanıb ki, tədbir günlərində metrodan ödənişsiz istifadə ilə bağlı qərarlar yalnız WUF13 əməliyyat şirkəti ilə birgə fəaliyyət çərçivəsində ictimaiyyətə açıqlanacaq.