Hakim prokurorun istədiyi qədər cəza vermədi - RTV

Bakı Ağır Cinayətlər Məhkəməsində söyüş üstündə adam bıçaqlamaqda təqsirləndirilən Qulu Məmmədovun cinayət işi üzrə hökm məhkəmə iclası keçirilib.

Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən Məmmədovun vəkili hüquqlarını müdafiə etdiyi şəxsin əməlində xuliqanlıq niyyəti olmadığı üçün təqsirləndirildiyi Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin 126.1-ci maddəyə tövsif edilməsini məhkəmədən xahiş edib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməklə üç il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı Məmmədovun yeddi il altı ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, tərəflər arasında mübahisəyə səbəb zərərçəkmiş Şamil Nəbiyevin söyüş söyməsi olub. Mübahisə nəticəsində təqsirləndirilən şəxs zərərçəkmişə bir bıçaq zərbəsi endirib.