“Qadınlara arvad demək olmaz” - Deputat - RTV

Deputat Bəhruz Məhərrəmov Milli Məclisin bugünkü plenar iclasında Komitənin 2021-ci ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı qadınlara müraciət forması ilə bağlı məsələyə toxunub.

Bəhruz Məhərrəmov qanunvericilikdə qadınların hələ də "arvad" adlandırılmasına dair narahatlığını ifadə edərək bildirib:

"Biz qanunvericilikdə qadını hələ də arvad adlandırırıq. Ola bilsin ki, nə zamansa bu, qəbul olunan ifadə olub. Amma dil inkişafdadır. Münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir."

Deputat qeyd edib ki, bu gün heç bir xanım ona "arvad" ifadəsi ilə müraciət edilməsini arzulamır. O, qanunvericilikdə, o cümlədən Ailə Məcəlləsində və gələcəkdə Konstitusiyada bu istiqamətdə müvafiq dəyişikliklərin aparılmasının vacibliyini vurğulayıb:

"Ona görə də Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyatı dəyişikliklərin aparılması yaxşı olar."