Sertifikatlaşdırma və MİQ imtahanları bu tarixlərdə keçiriləcək - Rəsmi - RTV

Bu gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) media nümayəndələri üçün brifinq keçirib. Brifinq zamanı MÜTDA-nın direktoru Eşqi Bağırov şagirdlərin elektron qəbulu, müəllimlərin işə qəbulu və sertifikatlaşdırılması, attestatların elektron formada verilməsi haqqında məlumatlar verib.

Direktor qeyd edib ki, hər il olduğu kimi, bu il də may ayının əvvəlindən birinci sinfə şagirdlərin elektron qaydada qəbuluna start verilir. Qeydiyyat tarixləri 1 may və 6 may tarixləri nəzərdə tutulur. İlk günlərdən sadəcə qeydiyyat prosesi başlanılacaq, 6 may tarixindən isə valideynlər artıq məktəb və müəllim seçimlərinə başlaya bilərlər.

Eşqi Bağırov attestatların verilməsi ilə bağlı yenilikləri də açıqlayıb:

"Bu il attestatlar artıq kağız üzərində yox, elektron qaydada təqdim ediləcək. Bu da təxminən 300 minə yaxın şagirdi əhatə edəcək. Yəni artıq şagirdlər kağız üzərində məktəbdən attestatları əldə etməyəcəklər. Bunu elektron sistem vasitəsilə edəcəklər. Bu həm çevikliyi, həm operativliyi təmin edəcək, eyni zamanda xoşagəlməz halları aradan qaldıracaq."

MÜTDA direktorunun sözlərinə görə, müəllimlərin işə qəbulu (MİQ) imtahanlarının iyulun 1-i və 8-i aralığında, sertifikatlaşdırma imtahanlarının isə iyulun 17-si və 25-i aralığında keçirilməsi planlaşdırılır.

Eşqi Bağırov son zamanlar məktəblərdə baş verən xoşagəlməz hadisələrə də münasibət bildirib:

"4 min məktəb var Agentliyin tabeliyində və 4 min məktəbdə milyon yarım uşaq təhsil alır. Və bu şagirdlərin gündəlik təması, gündəlik məktəbdə olması təbii ki, bəzi hallarda xoşagəlməz, arzuolunmaz hadisələri qaçılmaz edir. Təbii ki, biz bundan təəssüf hissi keçiririk və bundan məmnun deyilik. Amma xüsusi qeyd etmək istəyərdim ki, bu hadisələrin eyni zamanda bəlkə də yüzlərlə, bəzi hallarda, bəzi müddətlərdə, tarixlərdə minlərlə olan belə hadisələrin qarşısı da pedaqoji heyət, müəllim heyəti tərəfindən qarşısı alınır."

Brifinqin sonunda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəsmisi media nümayəndələrinin suallarını cavablandırıb.