Məktəbdə atışma - Yaralılar var - RTV

Rusiyanın Krasnodar Diyarının Qulkeviç rayonundakı məktəblərdən birində atışma baş verib. İlkin məlumatlara görə, hadisə 1 nömrəli orta məktəbdə qeydə alınıb.

Məktəbin 9-cu sinif şagirdi pnevmatik tapançadan digər şagirdlərə atəş açıb. Hadisə nəticəsində iki azyaşlı xəsarət alıb. Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

Atəş açan şagird hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə gəlinib. Operativ axtarış tədbirləri nəticəsində 16 yaşlı yeniyetmə Qulkeviç şəhərinin küçələrindən birində saxlanılıb.

Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi məsələ ilə bağlı açıqlama verib:

"O, pnevmatik tapançanı alış-veriş platformalarından birindən anasının köməkliyi ilə alıb."

Rusiya İstintaq Komitəsinin Krasnodar Diyarı üzrə İstintaq orqanları tərəfindən 16 yaşlı yeniyetmə barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin ikinci hissəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb. Faktla bağlı araşdırma davam edir.