Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kəndi ərazisində bir nəfər minaya düşüb.
Hadisə nəticəsində 1985-ci il təvəllüdlü kənd sakini Ceyhun Firdovsi oğlu Abbasov yaralanıb. Hazırda ANAMA əməkdaşları minaya düşən şəxsin ərazidən çıxarılması üçün hadisə yerinə yollanıb.
Zərərçəkənin qohumu İlyas Abbasov baş verənlər barədə danışıb:
"Kəndə, evinə gedərkən belə bir bədbəxt hadisə baş verdi. O, piyada əleyhinə minaya düşüb. Allahdan şəfa diləyirik."
Ceyhun Abbasovun həmkəndlisi Vüqar Quluyev də hadisə haqqında məlumat verib:
"Hadisənin zərərçəkəni ilə həmkəndliyəm. İş vaxtı başa çatdıqdan sonra ata yurdu, uşaqlığının keçdiyi evi görmək istəyib. Kəndimiz artıq işğaldan azad olunub. Ora getmək istəyərkən belə bir hadisə ilə üzləşib."
Faktla bağlı araşdırma başlanılıb.