Ərini ad günündə öldürdü - RTV

Ərini öldürməkdə ittiham olunan 40 yaşlı Nərgiz Quliyevanın ittihamı yüngülləşdirilib və o, qısa müddətli həbs cəzasına məhkum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi bu işlə bağlı hökm elan edib. Səbinə Məmmədzadənin sədrliyi etdiyi hakimlər belə qənaətə gəliblər ki, təqsirləndirilən şəxs qəsdən deyil, ehtiyatsızlıq nəticəsində ərinin ölümünə səbəb olub. Bu səbəbdən, mütəhhimin əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən eyni Məcəllənin 124.1-ci maddəsinə tövsif edilib.

Hökmə əsasən, Quliyeva cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə bir il altı ay azadlıqdan məhrum edilib. O, ötən ilin avqustundan həbs edildiyi üçün bundan sonra cəmi on ay çəkilməmiş cəzası qalıb. Bundan əlavə, o, məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılacağı üçün müəyyən vaxtlarda azadlıqda olacaq.

Hökm elan edilməzdən əvvəl prokuror təqsirləndirilən şəxsin on iki il həbsini tələb etmişdi.

Qeyd edək ki, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində baş verib. Quliyeva ərini elə onun doğum günündə öldürüb. Həmin gün mərhum 46 yaşını qeyd etmək üçün məclis təşkil etmişdi.

Ailənin yaxınları da hadisənin qəsdən deyil, təsadüfən baş verdiyini bildirmişdilər.