Gəncə şəhərində yanğın hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında şəhərin Ələkbər Seyfi küçəsində qeydə alınıb.
Qeyd olunan ünvanda yaşayan 66 yaşlı Zaur Məmmədova məxsus beş otaqlı, 100 kvadratmetr fərdi yaşayış evinin mətbəxində anidən yanğın yaranıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən əməkdaşları cəlb edilib.
Yanğın zamanı 100 kvadratmetr olan evin mətbəxinin 15 kvadratmetri yanıb. Hadisə nəticəsində ev sahibi, 1960-cı il təvəllüdlü Zaur Məmmədov tüstüdən zəhərlənərək vəfat edib.
Məlumata görə, mərhum Zaur Məmmədov yataq xəstəsi olub və evdə tək yaşayırmış. Həmçinin 66 yaşlı kişinin içki aludəçisi olduğu bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. RTV xəbər verir.